Qeydiyyat    Giriş
Sayta giriş
» » Pensiyanın 10 dəfəyə yaxın artırılması... - Prezident
Xəbərlər

Pensiyanın 10 dəfəyə yaxın artırılması... - Prezident



Pensiyanın 10 dəfəyə yaxın artırılması... - Prezident
Biz bu illərdə digər sosial layihələri uğurla icra etmişik. Son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən bildirib.

Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü bəyan edib:

"Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır.

Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır. Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik? Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır. Biz bu istiqamətdə fəal işləyirik. Ancaq deyə bilərəm ki, bu, asan məsələ deyil".
loading...


loading...
Muəllif: narmin  28-06-2019, 23:12   Baxılıb: 1 334   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.