Qeydiyyat    Giriş
Sayta giriş
» » Hepatit C tam müalicə olunandır - MÜTƏXƏSSİS RƏYİ
Sağlam ailə

Hepatit C tam müalicə olunandır - MÜTƏXƏSSİS RƏYİ



 

 

 

 

Son illər Hepatit C və Hepatit B xəstəlikləri geniş yayılıb. Yoluxucu olduğu üçün bu xəstəliklər bir çox insanlarda qorxu hissi yaradır.

Hətta qaraciyərdə hər hansı narahatlıq olanda bu xəstəliklərdən birinin aşkar olunacağından qorxduğu üçün həkim müayinəsindən çəkinənlər də var. Qastroenteroloq-hepatoloq Müslüm Nursoy Hepatit C və müalicə metodu haqqında məlumat verib.

Hepatit C virus infeksiyası nəticəsində yaranan qaraciyər xəstəliyidir. Xəstəlik bir neçə həftə çəkə bilən yüngül formadan həyat boyu davam edən ciddi xəstəliyə qədər irəliləyə bilər. 75-85 % hallarda xəstəlik xronikiləşərək, müdaxilə olunmadığı təqdirdə orqanizmdə müxtəlif ağırlaşmalar törədir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünya əhalisinin 3%-i Hepatit C-yə yoluxub. Bəs Hepatit C necə yoluxur? Həkim deyir ki, yoluxma bilavasitə qan təması ilə mümkündür. Bundan başqa cinsi əlaqə və doğuş sırasında yoluxma mümkün olsa da, Hepatit B ilə müqayisədə bu rəqəmlər çox aşağıdır: "Gündəlik həyatımızda qarşılaşa biləcəyimiz diş həkimi kabinetləri, qadın və kişi gözəllik salonları və s. yoluxma riski yüksək olan yerlərdir. İnsanlarımızı daha çox maraqlandıran sual isə gündəlik münasibətlər zamanı yoluxma riskidir. Bildirmək istərdim ki, gündəlik sosial münasibətlərlə yoluxma ehtimalı sıfıra bərabərdir”.

İnsanlar arasında belə bir düşüncə formalaşıb ki, hepatitlərin tam müalicəsi yoxdur. Müslüm Nursoyun sözlərinə görə, bu, tamamilə yanlış düşüncədir. Bu gün dünyada, eləcə də Azərbaycanda hər iki virusun tam müalicəsi mümkündür: "Hepatit B-nin müalicəsində gündə bir dərman içməklə ömürlük bu virusdan xilas olmaq olar. Hepatit C-ə gəldikdə isə, bu yaxınlarda yeni preparatların kəşfi ilə bu problemin də kökündən həlli mümkün olub. Məsələ burasındadır ki, insanların əksəriyyəti məlumatsızdır. 1990-cı illərdən etibarən yenidən tətbiq olunmağa başlayan ribavirin Hepatit C-nin uğurla müalicəsində yeni bir mərhələ açdı. Tibbin ən son uğurlarından sayılan Hepatit C müalicəsi ilə sağalma demək olar ki, artıq tam mümkündür. Önəmli olan həkim tərəfindən seçilən rejimin düzgün olmasıdır. Bu zaman müalicə 100% nəticə verir. Bunun üçün də müalicə qaraciyər xəstəlikləri mütəxəssisi tərəfindən təyin olunmalıdır. Hər bir insan sosial statusundan və peşəsindən asılı olmayaraq Hepatit C müayinəsindən keçməlidir. Çünki infeksiya nə qədər tez aşkarlansa, orqanizmə ziyan vurma ehtimalı bir o qədər az, müalicəsində alınan nəticələr isə bir o qədər yüksək olur”.



Müəllif: Nermine Mahmudova  16-07-2017, 17:48   Baxılıb: 1 346   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.