Qeydiyyat    Giriş
Sayta giriş
» » Yumurtalıqların xərçəngi
Çàãðóçêà...
Sağlam ailə / Onkoloji xəstəliklər

Yumurtalıqların xərçəngi



 

Yumurtalıqların xərçəngi bədxassəli şiş olub qadın yumurtalığının hüceyrələrindən inkişaf edir. Əlbəttə ki, yumurtalıq şişlərinin heç də hamısı bədxassəli olmur.

Onların bir çoxu xoşxassəli də ola bilir. Metastaz (orqan və toxumalara yayılma) verməyən xoşxassəli bu şişlər cərrahi üsulla xaric olunmaqla müvəffəqiyyətlə müalicə olunurlar.Yumurtalıqların xərçənginin dəqiq yaranma səbəbləri indiyə qədər də məlum deyil. Həkimlər bu xəstəliyin əmələ gəlməsində bir sıra təhlükə (risk) faktorlarının rolunu qeyd edirlər:

 

- yaş faktoru (yumurtalıqların xərçəngi əksər hallarda qadınlarda aybaşı tsikli qurtardıqdan - 55 yaşından sonra baş verir);

- mayalanmaya kömək edə biləcək dərmanların uzun bir müddət ərzində nəticəsiz olaraq tətbiq edilməsi;

- sonsuzluq (hətta yuxarıda göstərilən dərmanlardan istifadə edilmədikdə belə);

- irsi faktor (yumurtalıqların xərçəngi olan yaxın qohumların olması);

- keçmişdə süd vəzi xərçənginin keçirilməsi;

- menopauzadan sonra uzun müddət (10 il və daha çox) ərzində əvəzedici müalicə məqsədi ilə estrogenlərin dərman şəklində qəbul edilməsi.

Yumurtalıq xərçənginin gedişi prosesində əsas narahatedici faktor, ilkin dövrlərdə onun praktik olaraq əlamətsiz keçməsidir! Məhz buna görə də onun ilkin dövrlərdə aşkar edilməsi çox nadir hallarda baş verir. Xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi, istənilən onkoloji xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi kimi, uğurlu müalicə aparılması ehtimalını xeyli dərəcədə artırır! Bu xəstəliyin ilkin dövrlərdə diaqnostikası üçün, mütəmadi olaraq ginekoloq tərəfindən aparılan profilaktik müayinələrin əvəzedilməz böyük rolu vardır!

Bundan başqa, qadınlar öz orqanizmlərinə çox diqqətlə yanaşmağı öyrənməli və öz bədənlərində hər hansı bir şübhəli əlamətlər yarandığı hallarda (məsələn, qarının ölçüsünün artması, tezləşmiş sidik ifrazı, qəbizlik, uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması, çanaq nahiyəsində hər hansı bir təzyiq hissiyyatının olması, beldə və ya qarında ağrıların olması, dölyaratma qabiliyyəti olan qadınlarda qeyri-mütəmadi aybaşının olması və s.) təcili olaraq həkimə müraciət etməlidirlər. Əlbəttə ki, sadalanan bütün bu əlamətlər heç də qadında məhz yumurtalığın xərçənginin olmasına dəlalət (subut) etmir və nəticə etibarı ilə hər hansı bir digər, daha az təhlükəli hesab edilən xəstəliyin əlamətləri də ola bilər. Ancaq bu halda qadının hər ehtimala qarşı, həkimə müraciət etməklə, özünü daha ağır xəstəliklərin olmasından sığortalaması daha vacib hesab edilir.

Yumurtalığın xərçənginin qadınlarda, əsasən menopauzadan sonrakı (aybaşı tsiklinin tam kəsilməsi) dövr üçün xarakterik olması barədə biz məlumat vermişdik. Əfsuslar olsun ki, bir çox qadınlar bu dövrdə təhlükədən uzaq olduqlarını düşünərək, profilaktik məqsədlə vaxtaşırı olaraq həkim-ginekoloq tərəfindən müayinədən keçmələrini vacib hesab etmirlər. Bu isə tam səhv fikir olub çox təhlükəlidir! Yumurtalığın xərçəngi və həmçinin digər təhlükəli xəstəliklər məhz bu yaşda olan qadınlar üçün xarakterikdir. Beləliklə, yalnız xərçəng xəstəliyi deyi, cinsi sistemin digər xəstəliklərinin vaxtında diaqnostikası üçün qadınlar bütün həyatları boyu (!!) mütəmadi olaraq ginekoloqun müayinəsindən keçməlidirlər.

Adi ginekoloji müayinə zamanı qadında xərçəng xəstəliyinə şübhə yarandığı halda həkim onu ilk növbədə ultrasəs müayinəsinə (USM) göndərir. USM zamanı şiş aşkar olduğu halda, onun xoşxassəli və ya bədxassəli (xərçəng) olmasını müəyyən etmək məqsədi ilə şiş toxumasından götürülən materialın (biopsiya) laborator müayinəsi aparılır. Bundan daha dəqiq müayinə üsulu isə hələ ki, mövcud deyil. Şiş toxumasından nümunənin götürülməsi (biopsiya) isə ya uşaqlıqdan daxil olmaqla, ya da laparoskopik yolla qarın divarını deşməklə alına bilər.

Yumurtalığın xərçənginə şübhə olan qadınlarda, digər orqanlara metastazların olmasını istisna etmək üçün, əlavə olaraq mədə-bağırsaq sisteminin kontrast rentgen müayinəsi, həmçinin süd vəzilərinin lazımi müayinələri də aparılır. Bəzi tələb olunan hallarda isə həkim tərəfindən qarın boşluğunun kompüter və ya nüvə-maqnit-rezonans tomoqrafiyası müayinəsi də təyin edilə bilər. Yumurtalığın xərçənginin əsas müalicəsi onun cərrahi yolla xaric edilməsidir. Proses qonşu orqanlara da keçmiş olduğu halda, əməliyyat zamanı bəzən həkimlər hər iki yumurtalığı, uşaqlıq borularını da xaric etməli olurlar. Yumurtalıqların xərçəngi zamanı, həmçinin şiş əleyhinə xüsusi kimyəvi dərman preparatlarından istifadə edilməklə, kimyəvi terapiya və şüa terapiyası da tətbiq edilə bilər.

Yumurtalığın xərçəngi – çox təhlükəli xəstəlikdir. Onun müalicəsi nə qədər tez başlanmış olarsa, o qədər də effektli olar!




loading...
Müəllif: Nermine Mahmudova  16-01-2016, 14:00   Baxılıb: 1 532   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...