Qeydiyyat    Giriş
Sayta giriş
» » Uşaqları bu təhlükədən qoruyun – Sonra gec ola bilər
Sağlam ailə

Uşaqları bu təhlükədən qoruyun – Sonra gec ola bilər



Uşaqları bu təhlükədən qoruyun – Sonra gec ola bilər


Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində kompüter, planşet və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə müasir dövr üçün nə qədər zəruri olsa da, onların sağlamlığımıza vurduğu ziyan da danılmazdır.

Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin – “kompüter görmə sindromu”nun və ya “yorğun gözlər sindromu”nun əmələ gəlməsinə də səbəb olub.

Tibb üzrə fəlsəfə doktoru, həkim mütəxəssis Yazgül Abdiyeva bildirib ki, ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir:

“Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir”.

Y.Abdiyeva qeyd edib ki, bu problem nəticəsində insanda görmə itiliyi zəifləyir, akkomodasiya pozulur, onda əşyaları ikili görmə, yazı oxuyarkən tez yorulma, gözlərdə yandırma hissi, gözə “qum düşmə” hissi, göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar, gözlərin qızarması kimi hallar ortaya çıxır.

Kompüter, televizor və planşetdən istifadəyə uşaqların daha çox meylli olduğunu vurğulayan həkim-mütəxəssisin sözlərinə görə, uşaqların saatlarla televizor, computer və planşetdən istifadə etməsi onları cihazlardan asılı vəziyyətə salmaqla sosial mühitlə əlaqələrini də zəiflədir. Texnologiyalara olan bu aludəçilk keçid dövrünü keçirən yetkinlik yaşlı uşaqlarda özünə qapanmaya, məktəb yoldaşlarına, ətrafındakı digər insanlara qarşı aqressiv davranışların nümayiş edilməsinə və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüter və planşetdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır.



Mütəxəssis tövsiyə edir ki, uşaqların texnologiyalardan istifadə etmə, kompüter qarşısında oturma müddətinə diqqət yetirmək lazımdır.

O qeyd edib ki, araşdırmalara əsasən, 3-4 yaşlı uşaqlar kompüter, planşet önündə 25 dəqiqə, 5-6 yaşlı uşaqlar 35 dəqiqə, 7-8 yaşlı uşaqlar isə 40 dəqiqə otura bilərlər. Uzun müddət ərzində televizor verilişlərinə baxmaq, kompüter, planşet arxasında işləmək uşağın gözlərinə mənfi təsir edir.

Y.Abdiyeva qeyd edib ki, iki yaşına qədər olan uşaqlara televizora, planşetə, kompüterə baxmaq, ümumiyyətlə, məsləhət görülmür. Bu, televizorun, planşetin, kompüterin uşağın yalnız gözlərinə deyil, onun mərkəzi sinir sisteminə də mənfi təsir etməsi ilə (bu sistemin həddindən artıq qıcıqlandırılmasına səbəb ola bilər) əlaqədardır.

Mütəxəssisin sözlərinə görə, 7 yaşınadək uşaqların televizor verilişlərini müşahidə etmələri gün ərzində 30-40 dəqiqədən artıq olmamalıdır. Daha böyük yaşlı uşaqlara gün ərzində 1,5-3 saat müddətinə televizora baxmağa icazə verilə bilər. Lakin bu zaman onların televizora birdəfəlik baxma müddəti 1,5 saatdan artıq (bir film) olmamalıdır. Bu zaman televizorun tipinin (adi, “yastı” ekranlı, mayekristallik və ya plazmalı televizor) necə olmasının elə də böyük əhəmiyyəti yoxdur: “Televizora baxış zamanı əsas zərərli faktor görmə orqanlarına uzunmüddətli gərginliyin düşməsidir. Kompüter, planşet isə uşağın gözlərinə daha çox mənfi təsir edir. Yaşı 7-dək olan uşaqlara kompüter arxasında əyləşməyə ümumiyyətlə icazə verilməməlidir. Yaşı 7-dən çox olan uşaqlara isə gün əzində 40 dəqiqədən artıq (fasilələrlə) olmamaqla kompüter arxasında əyləşməyə icazə verilə bilər. Kompüter qarşısında uzun müddət əyləşdikdə gözlər bir nöqtəyə zillənib qalır və nəticədə tənbəlləşir, daha az qırpılır. Bu da gözləri qurudur, gözdə qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaradır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Ona görə də istifadə zamanı müəyyən fasilə vermək lazımdır”.



Y.Abdiyeva qeyd edib ki, uzun müddət ərzində kompüterdən istifadə etdikdə uşağın yalnız gözləri zərər çəkmir, bu zaman onda baş ağrıları, yorğunluq və s. patoloji hallar da qeyd edilə bilər.

O əlavə edib ki, miopiyası (yaxınıgörmə) olan uşaqlara bədən tərbiyəsi ilə məşğul olmaq xeyirli hesab edilir. Ancaq bu zaman onları ağır fiziki gərginliyə məruz qoymaq da olmaz. Boks, güləş, ağır atletika kimi idman növləri ilə məşğul olmaq onlar üçün əks göstəriş hesab edilir.

Astiqmatizm xəstəliyi olanların texnologiyalardan istifadə zamanı daha diqqətli olmasını vacib sayan həkim-mütəxəssis qeyd edib ki, kompüterdən istifadə edərkən monitor gözdən 60-70 sm uzaq məsafədə olmalıdır. Həkimin məsləhəti ilə qoruyucu eynəklərdən və damcılardan istifadə etmək olar: “Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün bəzi şərtlərə əməl etmək lazımdır. Kompüterdə 20 dəqiqə işlədikdən sonra ya 20 saniyə ərzində gözləri bağlamaq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar. Gözləri tez-tez şüurlu şəkildə qırpmaq lazımdır. Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur. Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir”.



//trend

Müəllif: Nermine Mahmudova  16-12-2017, 16:46   Baxılıb: 61   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.