Qeydiyyat    Giriş
Sayta giriş
» » Nəvəsi xəstəxanada ölən nənədən ŞOK İDDİA: “Uşaq öləndən sonra həkim dedi ki, 300 manatı da təcili çatdırın”
Həkimlər

Nəvəsi xəstəxanada ölən nənədən ŞOK İDDİA: “Uşaq öləndən sonra həkim dedi ki, 300 manatı da təcili çatdırın”



Nəvəsi xəstəxanada ölən nənədən ŞOK İDDİA: “Uşaq öləndən sonra həkim dedi ki, 300 manatı da təcili çatdırın”


Ötən gün Qazax rayonunun Mərkəzi Xəstəxanasında doğuş zamanı körpə ölümü qeydə alınıb. SaqlamHeyat.az bildirir ki, Körpənin ölümünün təfərrüatları haqda gəlinin qaynanası Natella Məmmədova Cebhe.info-ya danışıb.

Bildirib ki, 1989-cu il təvəllüdlü ana Abdulayeva Vüsalənin qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi oğlan övladı bir neçə gün sonra rəhmətə gedib. Natella Məmmədovanın sözlərinə görə, ana hamiləliyini yaxşı keçirib. Müayinələrdə heç bir problem aşkarlanmayıb:

“Ana hər ay həkim nəzarətində olub, müayinələrdən də keçib. Son ayında da konsultasiyaya gedib. Bütün analizləri yoxlanılıb. Son günlər ananın ayağında şişkinlik yarandığı üçün həkimə müraciət edib. Ana deyib ki, səhhətimdə problem varsa, hara lazımdırsa, müraciət edim. Həkim isə adi bir problem olduğunu söyləyib. Bir neçə dərman yazaraq onu müalicəyə yollayıb. Ana üçün doğuş vaxtı olaraq sentyabrın 15-20-i tarixləri müəyyənləşdirilib. Birinci övlad qeysəriyyə yolu ilə dünyaya gəldiyi üçün ikinci övlad üçün də qeysəriyyə əməliyyatı təyin edilib. Qazax rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olub”.

N.Məmmədovanın sözlərinə görə, əməliyyatı həkim Abbasəliyev Bünyamin edib:

“Tez-tələsik bayram günündə ananı əməliyyata salıblar. Əməliyyatdan qabaq həkim deyib ki, qeysəriyyə üçün 500 manat pul verilməlidir. Ata-ana deyib ki, uşaq sağ-salamat dünyaya gəlsin, bu pulu ödəyəcəklər. Əməliyyatdan sonra ananı palataya keçiriblər, uşağı da gözümüzün qabağında yerləşdirdilər. Bayram olduğu üçün evdən Aynur adlı bir uşaq həkimi gətirdilər. Həkim dedi ki, uşaq ağ boğulma ilə doğulub. Körpə üçün 85 manatlıq iynə-dərman yazıldı. Uşağa yardım elədilər. Dedik ki, uşaqda problem varsa, təyinat verin, təcili yardımla bir yerə çatdırım. Uşaq səhərə kimi orda qaldı. Bünyamin doktor səhəri gün gələndə dedi ki, uşaqda elə də anlayışım yoxdur. Uşağı burnundan tutun, bir görək ağlayırmı? Dedik ki, uşaq ağlayıb, yemək də yeyib. Uşaq həkimi bir daha narahatlığını bildirdi. Dedim ki, siz təyinat verin”.

Nənə iddia edir ki, uşaq üçün heç bir təyinat verilməyib:

“Amma nə təyinat verən oldu, nə təcili yardım çağıran. Uşağı qucağıma verib dedilər ki, Gəncəyə 2 nömrəli Uşaq Xəstəxanasına get, orda körpəni küvəzin altına qoysunlar, müalicə eləsinlər. Təyinatsız xəstəxanaya yollandım. Təyinat, təcili yardım olmadan taksiyə minərək körpəni ora apardım. Min bir and-amanla uşağı ora qəbul etdilər. Şöbə müdiri Arifə doktor məni qəbul elədi. Uşağa yardım etdi, əlindən nə gəldi, kömək etdi. Bir gün körpə orada qaldı. Dedi ki, uşaq çox ağır vəziyyətdə gətirilib, təyinatla birbaşa Bakıya aparılmalıydı. Körpənin vəziyyəti getdikcə ağırlaşırdı. Ordakı uşaq həkimə zəng edib şikayətini bildirdi. Uşaq elə 2 saylı xəstəxanada rəhmətə getdi”.

N.Məmmədova deyir ki, lazımi analizlər verilib. Sadəcə ehsan mərasimi olduğu üçün analizləri əldə edə bilməyiblər:

“Sabah 3 mərasimini yola verdikdən sonra analizləri götürəcəyəm. Bu uşağın dərdi nə idi ki, dünyasını dəyişdi? 9 ay həkim nəzarətində olan, problemsiz ananı 20 gün öncə niyə əməliyyata saldılar? Anada cüzi qanaxma vardı deyə onu əməliyyata salıblar. Ana bətnində körpənin vəziyyəti yaxşı olub. Pis idisə, həkim niyə demirdi ki, get Bakıya? Ginekoloq yoxlamadan ananı necə əməliyyata salıb? 3 kilo 400 qram çəkidə, sağlam doğulan körpə niyə dünyasını dəyişdi?”

N.Məmmədova bildirib ki, ananın müalicə və doğuş həkimi fərqli olub. Əməliyyatda ginekoloq Aynur xanım və Bünyamin doktor iştirak edib:

“9 ay ananı nəzarətdə saxlayan ginekoloq isə Nazı doktor olub. Haqq yerini tapacaq. Günahkar kimdir, o müəyyənləşəcək. Gəlinin anası uşaq üçün 200 manat vermişdi. Daha sonra Bünyamin doktor zəng etdi ki, təcili 300 manatı da ona çatdıraq. Heç uşağın ölümü onu maraqlandırmadı. Axşam yoldaşım Bünyamin doktora zəng etdi ki, sən bir qatil kimi heç utanmırsan, vətənə xidmət edəcək belə gözəl uşağı öldürmüsən? Hələ bizi hədələyir ki, pulu verməsək, üstümüzə polis göndərəcək. Səhər xəstəxanaya gəldik ki, Bünyamin doktorla danışaq, dedi ki, əcəb eləmişəm, mən öldürmüşəm, mən bilərəm, gedib içəridəkini də öldürəcəyəm (ananı nəzərdə tutur-red). Hazırda ana xəstəxanadadır. Ananı da itirmək ehtimalımız var. Qoruxuruq ki, ona nəsə edərlər. Ana hazırda Bünyamin doktorun nəzarətindədir. Həkim isə deyir ki, onun icazəsi olmadan ananı çıxara bilmərik”.

Qarşı tərəfin mövqeyini təqdim edəcəyik.

Nigar Məhərrəm
Cebhe.info

Müəllif: Nermine Mahmudova  6-09-2017, 09:04   Baxılıb: 173   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.