Qeydiyyat    Giriş
Sayta giriş
» » » Hamiləlikdə cinsi həyat necə olmalıdır?
Hamiləlik / Sağlam ailə

Hamiləlikdə cinsi həyat necə olmalıdır?



Hamiləlikdə cinsi həyat necə olmalıdır?

 

Hamiləlik müddətində cinsi həyat haqqında hələ də müxtəlif fikirlər var. 

Saqlamheyat.Az lent.az-a istinadən bildirir ki,  cinsi həyat inkişaf etmiş cəmiyyətlərdə insanların bir-birilə rahatlıqla paylaşa biləcəyi bir mövzudur. İnkişaf etməkdə olan cəmiyyətlərdə isə bu mövzu hələ də bir tabu olaraq qalır. Elə buna görə də hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərindən soruşmadıqları və ya ümumiyyətlə maraqlanmadıqları üçün məlumatsız olduqları mövzudur.

Həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik müddətində yaranan dəyişikliklərdən ən çox cütlüklərin cinsi həyatı təsir görür. Hamiləlik müddətində cütlüklər arasında sanki cinsi həyatın bitməsi kimi yanlış bir fikir var. Lakin hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə şəxsi həyatı da davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat yaşamaq mümkündür.

Hamiləlik qaydasında gedirsə, cinsi həyata məhdudiyyət qoymaq üçün heç bir səbəb yoxdur. Üstəlik, hormon nizamında artma olduğu üçün genital bölgədə qan axımı artır, bu zaman oyanma daha asan baş verir və qadınların çoxu üçün hamiləlik zamanı cinsi münasibət daha zövqverici ola bilər.

Hamiləlik müddətində cinsi istək və gözləntilər insanlara görə fərqli olur. Əsasən hamiləliyin ilk aylarında mədə bulanması, qusma və ümumi halsızlıq səbəbindən, sonlara doğru isə qarın hissəsinin böyüməsi, hərəkət etməyin məhdudluğu və doğuşdan başqa heç nə haqda düşünməmək həvəsi cinsi istəksizlik yarada bilir. Xanımı hamilə olan kişilərin 72 faizində cinsi aktivlikdə azalma müşahidə edilir. Kişilərin 40 faizində libido, yəni cinsi istəkdə azalma baş verir. Lakin hamiləlik müddətində cinsi həyat mövzusunda kifayət qədər məlumatlı olsanız, bu çətin, amma keçici dövrün öhdəsindən gələ bilərsiniz.

Hamiləlik zamanı cinsi münasibət cütlüklərin fərqli təcrübələri sınaqdan keçirmələrinə şərait yaradır və bir-birilərinə dəstək olduqlarını göstərir. Eyni zamanda kişinin hamilə xanımına bu yöndə göstərdiyi qayğı, hamiləliyi müddətində bədənində baş verən dəyişikliklər səbəbindən yaranan kompleksin aradan götürülməsinə və özgüvəninin geri qayıtmasına səbəb olur. Eyni zamanda, keçirdiyi psixoloji və fizioloji dəyişikliyin ən az zərərlərlə qəbul olunmasını təmin edir. Hamiləlik zamanı qadının xoşbəxt olması körpəyə də pozitivlik baxımından yaxşı təsir edir. Bu zaman kəsiyində cinsi münasibətin qadağan və ya məhdud olması halları ilə bağlı həkim mütləq cütlüklərlə söhbətlər aparmalıdır.  

Hamiləlik zamanı cinsi münasibətin qadağan olunduğu hallar da var:

- Dölün düşmə təhlükəsi varsa

- Daha əvvəl iki dəfədən çox düşmə halı baş veribsə

- Səbəbi məlum olan və olmayan vaginal qanama

- Körpənin qadının uşaqlığına yaxın olması (plesentaprevia)

- Uşaqlığın çatışmazlığı hallarında

- Vaxtından əvvəl doğuş təhlükəsi və ya vaxtından əvvəl doğuş baş veribsə

- Hamiləlik kisəsi vaxtından tez açılıbsa və ya su vaxtından tez gəlməyə başlayıbsa

- Kişidə cinsi yolla keçən xəstəliyin olması və ya daşıyıcısı olması (genital bölgədə aktiv kondiloma və ya herpesenfeksiyanın olması)

- Yüksək riskli hamiləlikdə (əkiz və ya başqa hallar)

Bu hallara isə diqqət etmək lazımdır:

- Həkim tərəfindən qadağan olunduğu hallarda cinsi münasibətdə olmaq

- Cinsi münasibətdən sonra az da olsa, qanama baş verərsə, mütləq bunu həkimə bildirmək vacibdir

- Cinsi münasibət zamanı döşlərin ucları çox oyandırılmamalıdır. Çünki bu oyandırma zamanı beyindən oksitosin deyilən hormon ifraz edilir, bu isə uşaqlıqda sıxılmalara səbəb olur və vaxtından tez doğuş baş verə bilər. Qeyd edək ki, bu cür hallar çox zaman döş uclarının stimulyasiyası səbəbindən baş verir.

Ümumiyyətlə, hamiləlik zamanı körpə və anaya zərər verməyən pozaların seçilməsi mühümdür. Bu mövzünu cütlüklər hamiləliyin ilk vaxtlarında həkimlə mütləq müzakirə etməlidirlər. Çünki hamiləlikdən əvvəl istədiyiniz sevişmə pozaları hamiləlik müddətində arzuedilməz ola bilər. Misal üçün, qadının arxası üstə uzandığı və kişinin üstdə olduğu misioner pozası kimi tanınan və cütlüklərin 80 faizinin üstünlük verdiyi bu poza hamiləlik zamanı uyğun deyil. İlk 3 aydan sonra körpə ilə birlikdə böyüyən uşaqlıq arxası üstə yatan hamilə qadının ürəkdən gələn böyük damarlarına təzyiq edir və beləliklə də uşaqlıq, plasenta, həmçinin körpə kifayət qədər qan qəbul edə bilmir.

Eyni zamanda təzyiq səbəbindən ananın ürəyinə kifayət qədər qan geri qayıtmır və ana baş gicəllənməsi, nəfəs çatışmazlığı hiss edir. Bu halda hamilə qadının ürəyi də gedə bilər. Ona görə də hamiləlik zamanı cinsi münasibətdə qaşıq deyilən pozisiya, yəni qadın yanı üstə uzanmalı və ya üstə olduğu pozalar seçilməlidir. Hamiləlik zamanı mütəmadi seks hər hansı səbəbdən yaranan neqativ enerjini alır və gərginliyin aradan qaldırılmasına kömək olur. Hamiləlik zamanı cinsi münasibət fiziki aktivliyi artırır. Bu isə hamilə qadının artıq çəki almasına mane olur. Bununla yanaşı, istifadə edilən əzələlər sayəsində normal doğuş daha rahat keçir.  

 




loading...
Müəllif: Nermine Mahmudova  3-03-2016, 17:00   Baxılıb: 1 088   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.